“Prestij–Naxçıvan Pivəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti 2006-cı ildə Naxçıkooptifaqın Yeyinti Məhsulları kombinatının bazasında yaradılmışdır. “Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq respublikada sənayenin inkişaf etdirilməsi ilə əlaqədar 2008-ci ildə Sahibkarlığa Kömək Fondu tərəfindən pivə istehsalının yenidən qurulması ilə əlaqədar 1 150 000 manat məbləğində kredit ayrılmışdır. Bu kredit hesabına müəssisəyə Almaniya, Çexiya, İtaliya, Macarıstan mənşəli avadanlıqlar gətirilib quraşdırılmışdır.

Müəssisədə Avropa standartlarına uyğun müasir texnologiyadan istifadə olunaraq yüksək keyfiyyətli pivə istehsal olunur. Pivə məhsulları 50-30 lt. çəki ilə 1 lt., PET butulka, 0.5 lt., 0.33 lt. şüşə butulkalarda qablaşdırılaraq satışa buraxılır.

Hazırda müəssisədə açıq və tünd olmaqla, 2 növ və 5 çeşiddə istehsal olunan pivə muxtar respublikamızın bütün ticari və iaşə məntəqələrinə satışa göndərilir. Xammal Belçika, Çexiya, Slovakiya və Almaniyadan gətirilməklə “Naxçıvan pivəsi” Avropa mənşəli texnologiya vasitəsilə mütəxəssislər tərəfindən hazırlanır.

Müəssisədə Çexiyanın açıq rəngli “Pilsen” və İrlandiyanın tünd rəngli pivələrinin istehsalı üçün sertifikatlar alınmışdır.

“Prestij–Naxçıvan Pivəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal etdiyi məhsullar ölkə daxilində “Prestij” tanıtım nişanı ilə satışa çıxarılır. Müəssisədə çalışan mütəxəssislər Avropanın uyğun istehsal sahələrində təcrübə mübadiləsi keçir və yeni növ pivə istehsalı sahəsində işlər aparılır. Həmçinin istehsal və laborator müayinələrlə əlaqədar müəssisəyə xarici mütəxəssislər dəvət olunur.

Müəssisədə Avropa standartlarına uyğun avadanlıqlarla təchiz edilmiş laboratoriya fəaliyyət göstərir. İstehsal olunan məhsulların keyfiyyəti mütəmadi yoxlanılaraq satışa çıxarılır.

Pivə istehsalı ilə yanaşı, müəssisədə müalicəvi əhəmiyyətli “Darıdağ” mineral suyunun qablaşdırılması da həyata keçirilir. Belə ki, “Darıdağ” suyu həm tərkibi mineral, qazlı süfrə suyu, həm də müalicəvi su kimi xüsusi əhəmiyyətə malikdir.

“Prestij–Naxçıvan Pivəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal sahələrinin genişləndirilməsi ilə əlaqədar Sahibkarlığa Kömək Fondu tərəfindən verilmiş 380 000 manatlıq kredit vəsaiti hesabına 2012-ci ildə limonad sexi qurularaq istifadəyə verilmişdir. Bununla əlaqədar olaraq Gürcüstan Respublikasından limonad istehsalı sahəsində qabaqcıl təcrübəyə malik mütəxəssislər cəlb olunmaqla limonad istehsalına başlanılmışdır. Hazırda bu sexdə müxtəlif çeşiddə 0.5, 1.0 litrlik PET butulkalarda alkoqolsuz aromatik içkilər istehsal olunur.